İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı ilə Yaponiyanın 5 000-dən artıq üzvü olan Shinseikai biznes platforması arasında görüş keçirilib.
Görüşdə portalın rəhbəri Ayxan Qədəşov və “Shinseikai”nin nümayəndəsi Hitoşi Usukura iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması və ixrac prosesindəki texniki-hüquqi prosedurların müzakirəsi olub.
H. Usukura bildirib ki, “Shinseikai” Yaponiyanın iqtisadi həyatında mühüm rol oynayır və onun üzvləri tekstil, kənd təsərrüfatı, sənaye istehsalı, logistika və digər strateji sektorları təmsil edən sahibkarlardır. O, Azərbaycanın ixrac potensialına maraq göstərdiklərini və təmsil etdiyi şəbəkə vasitəsilə Azərbaycan məhsullarının Yaponiyada tanıdılmasına dəstək verə biləcəklərini vurğulayıb.
A. Qədəşov isə “Azexport” portalının fəaliyyət istiqamətləri, yerli sahibkarlara göstərilən dəstək mexanizmləri və qlobal e-ticarət platformaları – Amazon və Alibaba ilə inteqrasiya imkanları barədə təqdimatla çıxış edib. Təqdimat zamanı nümayiş etdirilən portalın rəqəmsal sərgi zalı qarşı tərəfin xüsusi marağına səbəb olub.
H. Usukura qeyd edib ki, məsafədən asılı olmayaraq məhsulların vizual və detallı şəkildə nümayişini təmin edən bu innovativ həll yaponiyalı alıcıların Azərbaycan məhsulları barədə dolğun məlumat əldə etməsi üçün unikal vasitə ola bilər.
Tərəflər ixrac zamanı qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və hüquqi prosedurlar ətrafında fikir mübadiləsi aparıb, sahibkarların maarifləndirilməsi və logistik maneələrin aradan qaldırılması istiqamətində birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüşün yekununda “Shinseikai” təşkilatının üzvləri ilə Azərbaycan ixracatçıları arasında B2B əlaqələrin qurulması və məhsulların Yaponiyanın ticarət şəbəkələrinə inteqrasiyası istiqamətində konkret addımların atılması barədə razılıq əldə olunub.