Süni intellektə əsaslanan maliyyə agentlərinin tətbiqi Azərbaycanda İslam maliyyə xidmətlərinin hazırlanması, təqdim edilməsi və monitorinqi sahəsində köklü dəyişikliklərə səbəb ola bilər.
Bu barədə “Khalif AI”nin İslam maliyyəsi üzrə direktoru, “PayZakat”ın baş direktoru və həmtəsisçisi Bəhnam Qurbanzadə “Islamic Finance News” jurnalında dərc olunan “Azərbaycanda İslam maliyyəsi və süni intellekt əsaslı maliyyə agentləri” adlı məqaləsində bildirib.
Məqalədə qeyd olunur ki, Azərbaycanın Xəzər regionu, Türkiyə, MDB və Mərkəzi Asiyanın kəsişməsində yerləşməsi, eyni zamanda Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (KƏDƏŞ) ölkələri ilə iqtisadi əlaqələri ölkəyə İslam maliyyəsinin inkişafı baxımından strateji üstünlük qazandırır.
Müəllifin fikrincə, ölkədə makromaliyyə sabitliyi sukuk (İslam istiqrazları) kimi yeni maliyyə alətlərinin tətbiqi, şəriət prinsiplərinə uyğun məhsulların sınaqdan keçirilməsi və süni intellekt inteqrasiyalı fintex platformalarının inkişafı üçün etibarlı zəmin yaradır.
B. Qurbanzadə vurğulayıb ki, halal iqtisadiyyat yalnız maliyyə sektorunu deyil, aqrobiznes, qida istehsalı, ixrac sertifikatlaşdırılması, turizm, mehmanxana sənayesi, əczaçılıq, kosmetika və məişət xidmətləri kimi sahələri də əhatə edir. Onun sözlərinə görə, maliyyə sektoru isə dövriyyə kapitalı, ticarət maliyyələşdirilməsi, ödənişlər və transsərhəd hesablaşmalar vasitəsilə bütün bu sahələrin inkişafını dəstəkləyən əsas katalizator rolunu oynayır.
Ekspert hesab edir ki, bu yanaşma Azərbaycanın həm Körfəz və İslam Əməkdaşlıq Təşkilatı bazarlarına çıxışını genişləndirə, həm də şəriət prinsiplərinə uyğun rəqəmsal xidmətlərin ölkə daxilində inkişafını sürətləndirə bilər.
Məqalədə qeyd edilir ki, Azərbaycanda institusional İslam maliyyəsi hələ formalaşma mərhələsindədir və ölkədə hazırda tamhüquqlu İslam bankları və ya “İslam pəncərələri” fəaliyyət göstərmir. Bununla belə, son illərdə İslam İnkişaf Bankı (İsDB) Qrupu ilə əməkdaşlığın genişlənməsi və sukuk bazarının formalaşdırılması istiqamətində hüquqi və institusional bazanın yaradılması bazarın praktik inkişaf mərhələsinə keçdiyini göstərir.
B. Qurbanzadə ənənəvi filial şəbəkəsinə əsaslanan İslam bankçılığı modelinin əvəzinə süni intellekt texnologiyalarına söykənən rəqəmsal İslam maliyyəsinin inkişaf etdirilməsini təklif edib. Onun fikrincə, generativ süni intellekt agentləri şəriət uyğunluğunun avtomatik təmin edilməsi, maliyyə məhsullarının izahı və fərdiləşdirilmiş məsləhətlər, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, kredit riskinin qiymətləndirilməsi, müqavilələrin hazırlanması, eləcə də tənzimləyici nəzarətin avtomatlaşdırılması kimi funksiyaları yerinə yetirə bilər.
Müəllif bu potensialın reallaşdırılması üçün 36 aylıq üçmərhələli yol xəritəsi də təqdim edib. Təklifə əsasən, ilk 12 ay ərzində sukuk emissiyası üçün hüquqi və vergi bazası formalaşdırılmalı, süni intellekt əsaslı İslam fintexi üzrə tənzimləyici “sandbox”lar yaradılmalıdır. Növbəti 24 ay ərzində ilk sukuk emissiyası həyata keçirilməli, İslam yığımları, KOB maliyyələşdirilməsi və halal ödənişlər sahəsində AI həlləri tətbiq edilməlidir. Son mərhələdə isə Azərbaycanın Körfəz ölkələrinin İslam kapitalını cəlb edən, Xəzər və MDB regionunda rəqəmsal halal iqtisadiyyat mərkəzi kimi mövqeləndirilməsi nəzərdə tutulur.
B. Qurbanzadənin sözlərinə görə, makromaliyyə sabitliyi, fintex ekosisteminin inkişafı və dövlət dəstəyi Azərbaycana İslam maliyyəsi sahəsində unikal imkan yaradır. O hesab edir ki, süni intellekt əsaslı həllərin tətbiqi ölkənin gələcəkdə MDB və Mərkəzi Asiyanı qlobal İslam kapital bazarları ilə birləşdirən yeni nəsil İslam maliyyəsi və halal iqtisadiyyat habına çevrilməsinə imkan verə bilər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək İslam maliyyəsi üzrə qanunvericilik paketinin təsdiqlənəcəyini gözləyir. Həmçinin bu il ilk dəfə olaraq İslam maliyyəsi üzrə ixtisaslaşmış brokerə lisenziya təqdim olunub.