13 fevral 2026-cı il tarixində PAŞA Bank real sektor nümayəndələri üçün səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi mövzusunda ilk tədbirini keçirib. Tədbirin məqsədi sahibkarları kapital bazarlarının təqdim etdiyi imkanlarla tanış etmək, eyni zamanda PAŞA Bank-ın səhmləri və IPO mexanizmi barədə daha aydın və praktik məlumat təqdim etmək olub.
Tədbirdə çıxış edən Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov IPO-nun strateji əhəmiyyətini vurğulayıb:
“Bu IPO yalnız uğurlu bir yerləşdirmə deyil, bazarın institusionallaşması və dərinləşməsi istiqamətində dönüş nöqtəsidir. Davamlı şəffaflıq, emitent və investor münasibətlərinin gücləndirilməsi və yeni şirkətlərin kapital bazarlarına cəlb olunması nəticəsində bir neçə il sonra bu yerləşdirməyə bazarı real şəkildə dəyişən addım kimi baxılacağına inanırıq,” – deyə Fərid Axundov bildirib.
100-dən artıq sahibkarın iştirak etdiyi görüşdə bank sektoru, kapital bazarları və tənzimləyici dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb, real bazar təcrübələri və praktiki yanaşmalar paylaşılıb.
Regionun iqtisadi inkişafının təmin edilməsində və maraqlı tərəflərin kapital axınına çıxışının asanlaşdırılmasında strateji rol oynayan Bakı Fond Birjası bölgədəki iqtisadi sabitliyin və artımın əsasını təşkil edən bu səylərlə investorlar üçün etibarlılığı, emitentlər üçün əlçatanlığı təmin etməklə maliyyə bazarlarının inkişafını dəstəkləyir.