26 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasınını təşkilatçılığı ilə sayca 3-cü olan “Emitent Günü” tədbiri baş tutmuşdur. “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “AzFinance İnvestisiya Şirkəti” QSC iştirak etdiyii görüşdə emitent olaraq “Finca Azərbaycan” QBKT MMC çıxış etmişdir. Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan “Finca Azərbaycan” QBKT MMC bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşmüşdür. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandırmışdır.
Tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak etmişdir. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçirilmişdir.
Tədbir birjanın inzibati binasında təşkil olunmuşdur.