“Bakı Metropoliteni” QSC ötən il fevralın 20-də **Maliyyə Nazirliyi**ndən aldığı 244,8 milyon manat məbləğində faizsiz krediti tam şəkildə bağlayıb.
Məlumata görə, müvafiq ssuda müqaviləsi üzrə istifadə olunmuş vəsait mövcud qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinin iştirakı ilə **Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu**nun vəsaiti hesabına bağlanılıb. Hazırda həmin vəsaitin “Bakı Metropoliteni”nin nizamnamə kapitalına əlavə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Xatırladaq ki, ötən il “Bakı Metropoliteni” QSC hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar daxil olmaqla yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73,63 milyon manat kapital vəsaiti də alıb.
Bundan əlavə, bu il aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərlərin kompensasiyası üçün hökumət tərəfindən şirkətə 42,662 milyon manat məbləğində subsidiya ayrılıb.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC indiki təşkilati-hüquqi formada **İlham Əliyev**in 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteni və Azərtunelmetrotikinti SC-nin birləşdirilməsi yolu ilə yaradılıb. Şirkətin nizamnamə kapitalı 2 milyard 580,638 milyon manat təşkil edir.