Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə sərnişinlər üçün təxminən 5 500 bilet satışa təqdim olunub.
Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, marşruta maraq yüksək olaraq qalır və bu səbəbdən bilet satışı fasiləsiz davam etdirilir. Fərəcov bildirib ki, müraciətlərin çoxluğu səbəbindən bəzən sistemdə qısamüddətli ləngimələr yaransa da, satış prosesində hər hansı problem yoxdur.
Departament rəisi əlavə edib ki, hazırda biletlər səfər tarixindən 30 gün əvvəl satışa çıxarılır. O qeyd edib ki, bu müddətin 90 günə qədər artırılması istiqamətində işlər görülür və proses başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.