BBN.az xəbər verir ki, Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, sentyabrın 22-23-də baş tutacaq forum AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə reallaşacaq. Tədbir dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirəcək.
Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma təqdim edir. İştirakçılar burada yeni qlobal rəqabətlilik paradiqmalarına dair biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və tərəfdaşlıqlar formalaşdırmaq imkanı qazanacaqlar.
Tədbir çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, həmçinin Azərbaycanın investisiya imkanları və potensialına dair sərgi keçiriləcək. İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq.