13 iyun 2023-cü il tarixində Bakıda “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası baş tutmuşdur.
İclasa Türkiyə Banklar Birliyi, İdarə heyətinin sədri Alpaslan Çakar, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov, Türkiyə İştirakçı Banklar Birliyinin sədri İlker Sırtkaya, Qazaxıstan Banklar Birliyinin vitse-prezidenti Marat Baitokov və Şuraya üzv olan Qırğızıstan, Özbəkistan və qonaq qismində Macarıstan, Şimali Kipr Banklar Assosiasiyasının rəhbərləri və nümayəndələri qatılmışdır.
İclas çərçivəsində Şuranın prezidenti Alpaslan Çakar qurumun institusional strukturunun hazırlanması mərhələləri ilə bağlı görülən işlər barədə məlumat verib. Eyni zamanda o, üzv dövlətlərin maraqlarına uyğun sürətlə hərəkət edə bilən, nəticəyönümlü strukturun yaradılması, Üzvlərdən gələn təklifləri nəzərə almaqla kommunikasiya və əməkdaşlığın artırılması istiqamətində işləməyə davam edəcəklərini bildirib. Həmçinin iclasda Şuranın növbəti iclasının vaxtı və məkanı haqqında təklif irəli sürülüb və Şuraya üzv olan ölkələrin maraqlarına uyğun digər vacib məsələlər müzakirə edilərək qərarlar alınmışdır.
Şuranın vitse-prezidenti Zakir Nuriyev isə çıxışında qonaqları Bakıda görməkdən məmnun olduğunu ifadə etmiş və “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın yaradılmasının vacibliyindən bəhs etmişdir. Həmçinin gələcək məqsəd və hədəflərin müəyyən edilməsi ilə əlaqədar Şura üzvləri ilə fikir mübadiləsi aparmışdır.
Qeyd edək ki, 4 noyabr 2022-ci il tarixində Türkdilli dövlətlərlə mövcud münasibətlərin iqtisadi baxımdan daha da dərinləşdirilməsi və bu əsasda maliyyə-bank sistemləri arasındakı əlaqənin genişləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır. Şuranın ilk iclası isə Türkiyənin İstanbul şəhərində keçirilmişdir.
Əlavə edək ki, iclas 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaşlığı ilə keçirilən “FİNTEX SAMMİT 2023” çərçivəsində baş tutmuşdur.