“Bir Kredit” MMC – bank olmayan kredit təşkilatı (BOKT) – “Bakı Fond Birjası” QSC-də (BFB) 2 milyon manat həcmində istiqraz yerləşdirməyi planlaşdırır.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız və sənədsiz istiqraz buraxılır.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 1 il müddətində tədavüldə qalacaq. İllik gəlirlilik 11,5 % təşkil edir, faiz ödənişləri isə aylıq həyata keçiriləcək. Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqraz almaq istəyənlər BFB-nin digər üzv investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent, tədavül müddəti ərzində istiqrazları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri alma öhdəliyini üzərində saxlayır.
Qeyd edək ki, “Bir Kredit” MMC 2018-ci ildə yaradılıb və BOKT-un yeganə təsisçisi “Kapital Bank” ASC-dir.