Nyu-York birjası bu gün rəsmən nəfəsini dərərək süni intellekt nəhəngi “Nvidia”nın maliyyə hesabatının açıqlanacağı anı gözləyir! Bu axşam ABŞ bazarları bağlandıqdan sonra elan ediləcək rəqəmlər, təkcə mikrosxem (çip) sektorunun deyil, bütövlükdə S&P 500 və Nasdaq indekslərinin yaxın aylardakı taleyini həll edəcək. Maliyyə analitikləri gərginliyin pik həddə olduğunu bildirirlər; çünki şirkətin cari rüb üzrə gəlirlərinin 79.2 milyard dollara çatacağı, mənfəətinin isə ötən ilin eyni dövrü ilə müqayisədə 120% artaraq hər səhm üçün 1.78 dollar olacağı proqnozlaşdırılır. Bazar iştirakçıları tərəfindən bu rekord artım artıq əvvəlcədən qiymətləndirildiyi (priced in) üçün hər kəsi maraqlandıran əsas sual fərqlidir: Şirkət bu fantastik gözləntiləri də geridə qoya biləcəkmi?
qeyd edək ki, “Nvidia” hazırda 5.4 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ən qiymətli şirkəti statusunu qorumaqla yanaşı, hesabatdan sonra cəmi 11.5% dəyər qazanacağı təqdirdə qlobal maliyyə tarixində ilk dəfə 6 trilyon dollarlıq klubun əsasını qoya bilər. Lakin bu hədəfə çatmaq üçün cari rübün nəticələri kifayət etməyəcək; investorlar “Microsoft”, “Google” və “Meta” kimi texnoloji nəhənglərin (hyperscalers) bu il üçün planlaşdırdığı 725 milyard dollarlıq kapital xərclərinin (capex) nə qədərinin rəsmən “Nvidia”ya yönələcəyini və yeni nəsil “Vera Rubin” memarlığına keçid prosesində sifarişlərin vəziyyətini görmək istəyirlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, son iki həftədə ABŞ-ın 10 və 30 illik dövlət istiqrazlarının gəlirliliyinin son illərin ən yüksək səviyyəsinə qalxması və neft qiymətlərinin kəskinləşməsi fonunda, “Nvidia”nın hesabatında gələcək proqnozlarla bağlı yarana biləcək ən kiçik bir bədbin siqnal belə bütöv qlobal səhm bazarlarında kütləvi satış dalğasını (sell-off) tətikləyə bilər.