Kriptovalyuta bazarındakı son tendensiyalara münasibət bildirən ekspert , Crypto Consultingt MMC-nin direktoru Elnur Quliyev BBN.az-a açıqlamasında qeyd edib ki, Bitcoin (BTC) iyulun 14-də ilk dəfə olaraq tarixi maksimum qiymət həddini – 123.200 dolları keçib.
Onun sözlərinə görə, qiymət artımına bir neçə əsas faktor təsir edir:
•Dünyada makroiqtisadi vəziyyətin stabilləşməsi;
•İri korporativ şirkətlərin və investisiya fondlarının BTC-yə marağının artması və “bitcoin ETF”lərinə kapital axınının güclənməsi;
•Kriptovalyuta birjalarında BTC ehtiyatlarının son 3 ilin minimum səviyyəsinə enməsi.
Elnur Quliyev əlavə edib ki, artıma təsir edən mühüm amillərdən biri də ABŞ-da kriptovalyutalar üçün əlverişli tənzimləmə mühitinin yaradılmasıdır. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında üç mühüm qanun layihəsinə baxılması planlaşdırılır:
•Rəqəmsal aktivlər bazarının şəffaflığı (CLARITY);
•Stabilkoinlərin tənzimlənməsi (GENIUS);
•Mərkəzi bankın rəqəmsal valyutalarının (CBDC) istifadəsinə qarşı qanun layihəsi.
Ekspert qeyd edib ki, əgər bu qanun layihələri qəbul olunarsa, ABŞ-da kriptovalyutaların tənzimlənməsi əsaslı şəkildə dəyişə bilər ki, bu da qiymətlərə müsbət təsir göstərəcək.
“Ehtimal var ki, bu cür müsbət dinamika davam edərsə, 2025-ci ildə BTC-nin qiymətini 135.000-145.000 dollar aralığında görə bilərik. Lakin qiymət korreksiyası da mümkündür. Hazırkı şəraitdə isə BTC üçün 110.000-115.000 dollar səviyyəsində güclü dəstək mövcuddur,” — deyə Elnur Quliyev bildirib.