BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində kənd təsərrüfatı paneli təşkil olunub – Foto

2023-cü ilin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti də iştirak edərək “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda panel təşkil edib. Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyətində İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri, nazirin müşaviri Nurlan Həmidli, Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Fərid Rəhimli təmsil olunublar.

Azərbaycan pavilyonunda baş tutmuş tədbir çərçivəsində Azərbaycanda davamlı kənd təsərrüfatı siyasəti, həyata keçirilən innovasiyalar, kənd təsərrüfatının ətraf mühitə dost yanaşmalarının təbliği, kənd təsərrüfatının elektronlaşdırılması, dövlət dəstəyi tədbirləri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar fəaliyyət, “Böyük Qayıdış” Proqramı çərçivəsində  görülən yenidənqurma tədbirləri haqqında təqdimatlar edilib. Həmçinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi İnkar Kadirzanova da təqdimatla çıxış edərək Azərbaycan Hökuməti və FAO arasında əməkdaşlıq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilən uğurlu layihələr barədə məruzə edib. Təqdimat mərasiminə müxtəlif ölkələrin rəsmi nümayəndələri və özəl sektorun təmsilçiləriləri qatılıblar.

Həmçinin 28-ci sessiya çərçivəsində yaradılmış Özbəkistan Respublikasına aid pavilyonda “Azərbaycanda həyata keçirilən davamlı kənd təsərrüfatı siyasəti”  mövzusunda təqdimat edilib. Təqdimatda Azərbaycanda meyvəçilik, tərəvəzçilik və birillik əkinlərə dair əldə edilən nəticələr, eyni zamanda Azərbaycanda kənd təsərrüfatının elektronlaşması sahəsində əldə etdiyi təcrübələr, dövlət dəstəyi mexanizmləri haqqında  iştirakçılara ətraflı məlumat verilib.

Related posts

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun iclası keçiriləcək

Ağdamda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı