Böyük Britaniyanın nəhəng maliyyə instiutlarından olan “Lloyds Banking Group” tərkibində olan banklarda yeni funksiyanı istifadəyə verib. Belə ki, Böyük Britaniyanın maliyyə bazarının tənzimləyici orqanı olan “UK Finance” tərəfindən 15 oktyabr tarixindən etibarən təmassız ödəniş limitinin 100 funt-sterlinqə artırılması istehlakçılarda narahatçılığa səbəb olub. Narahatçılığın əsas səbəbi kimi, bu qərarın fraud (dələduzluq) hallarının artmasına gətirib çıxaracağı idi.
“Lloyds Banking Group”un tərkibinə daxil olan “Lloyds Bank”, “Halifax Bank” və “Bank of Scotland” istehlakçılarının sözügedən narahatçılıqlarını aradan qaldırmaq üçün yeni funksiyanı istifadəyə veriblər. Mobil tətbiqetmə vasitəsilə aktivləşdirilməsi mümkün olan bu funksiya ilə artıq istehlakçılar təmassız ödəniş limitini öz istəklərinə uyğun olaraq 30 və 100 funt sterlinq arasında təyin edə biləcəklər. Bununla yanaşı, təmassız ödəniş funksiyasının tamamilə deaktiv edilməsi də mobil tətbiqetmə vasitəsilə həyata keçirilə bilər.
Məlumat üçün qeyd edək ki, daha əvvəl “Starling Bank” tərəfindən bu layihə ilkin təşəbbüs olaraq açıqlansa da, ilkin olaraq “Lloyds Banking Group” tərəfindən istifadəyə verilib.