“bp” Azərbaycanda fəaliyyətini uzunmüddətli perspektivdə davam etdirməyi hədəfləyir.
BBN.az xəbər verir ki, bunu Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində çıxış edən “bp”nin Xəzər, Orta Asiya və Türkiyə regionu üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda 30 ildir fəaliyyət göstərir və növbəti 25 ildə də ölkədə fəaliyyətini davam etdirmək niyyətindədir.
Bəxtiyar Aslanbəyli qeyd edib ki, “bp” yalnız neft-qaz layihələrinə fokuslanmır, eyni zamanda təhsil və sosial yönümlü təşəbbüslərə də dəstək verir. O, Yeni Klinikada yaradılan Simulyasiya və Təlim Mərkəzini unikal layihə adlandıraraq, onun həm səhiyyə, həm də təhsil baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Şirkət rəsmisi son 15-20 ildə Azərbaycanda neft-qaz, təhsil və nəqliyyat sahələri ilə yanaşı, səhiyyə sektorunun da sürətli inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, “bp” də həyata keçirdiyi layihələrlə bu inkişaf prosesinə töhfə verməyə çalışır.