Beynəlxalq Valyuta Fondu (BVF) qlobal enerji təhlükəsizliyi ilə bağlı risklərin artdığına diqqət çəkərək, neft bazarında qoruyucu buferlərin tədricən azaldığı barədə xəbərdarlıq edib.
BBN.az xəbər verir ki, bu barədə fondun rəsmi internet səhifəsində dərc olunan “Neft Bazarı Müharibə Şokunu Udub, Amma Buferlər Tükənir” adlı blog yazısında qeyd olunub.
BVF bildirir ki, Hörmüz boğazında mümkün tıxanma gündəlik təxminən 20 milyon barel xam neft və neft məhsullarının daşınmasını dayandıra bilər. Bu həcm 1973-cü il neft böhranı və Körfəz müharibəsi dövründə qeydə alınan təchizat itkilərini də üstələyir.
Məqalədə vurğulanır ki, region ölkələri neft daşımalarını alternativ marşrutlara yönəltməyə çalışsalar da, mövcud boru kəmərləri və limanlar Hörmüz boğazından keçən həcmin yalnız kiçik hissəsini əvəz edə bilir.
Fondun qiymətləndirməsinə görə, hazırda neftin bir barelinin 90-100 ABŞ dolları səviyyəsində olması bazarda müəyyən sabitlik yaratsa da, qlobal iqtisadiyyata daha böyük zərərin qarşısını almaq üçün təchizatın sürətlə bərpası və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi vacibdir.
BVF qeyd edir ki, son dövrdə qlobal tələbin zəifləməsi, istehsalın artması və strateji ehtiyatlardan istifadə qiymətlərin daha kəskin yüksəlməsinin qarşısını alıb. Bununla belə, dünyanın ən mühüm neft tranzit marşrutlarından biri olan Hörmüz boğazında naviqasiyanın tam bərpası və bazarın normallaşması ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.
Sənaye hesablamalarına əsasən, su yolu tam açıldıqdan sonra belə, neft axınının əvvəlki səviyyəsinə qayıtması 2-3 ay çəkə bilər. Həmçinin uzunmüddətli istehsal fasilələrinin bəzi yataqlarda daimi hasilat itkilərinə səbəb ola biləcəyi vurğulanır.
BVF hesab edir ki, son enerji şoklarının təsiri bazarda ehtiyat istehsal gücü və strateji ehtiyatlar hesabına müəyyən qədər yumşaldılsa da, bu imkanlar getdikcə tükənir.
“Əgər ehtiyatlar yenidən formalaşdırılmasa, dünya növbəti enerji şoku ilə üzləşdikdə daha zəif vəziyyətdə olacaq”, – deyə fondun blog yazısında qeyd olunub.