Beynəlxalq Valyuta Fondu (BVF) dünya ümumi daxili məhsulunun (ÜDM) 2026-cı ildə 3,3 %, 2027-ci ildə isə 3,2 % artacağını proqnozlaşdırır.
Bu göstəricilər BVF-in dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair növbəti hesabatında yer alıb. Hesabatda qeyd olunur ki, qlobal iqtisadi artımın dayanıqlılığı qorunacaq və artım templəri 2025-ci ilin yekunları üzrə 3,3 % səviyyəsi ilə müqayisə edilə biləcək.
Məlumata görə, BVF 2026-cı il üzrə artım proqnozunu 2025-ci ilin oktyabrında dərc olunmuş əvvəlki hesabatla müqayisədə 0,2 faiz bəndi artırıb.
BVF analitikləri bildirirlər ki, gömrük rüsumları və ticarət siyasəti ilə bağlı qeyri-müəyyənliklər qlobal iqtisadi fəallığa təsir göstərməkdə davam edəcək. Lakin bu təsirin 2026–2027-ci illərdə zəifləyəcəyi gözlənilir.
Hesabatda vurğulanır ki, ticarət siyasətindəki məhdudlaşdırıcı amillər texnologiyalara, xüsusilə süni intellekt sahəsinə yatırımların sürətli artımı hesabına qismən kompensasiya olunur. BVF-nin qiymətləndirməsinə görə, bu investisiyalar orta müddətli dövrdə qlobal iqtisadi artım üçün əsas dəstək faktorlarından biri olacaq.