Azərbaycan Banklar Assosiasiyası (ABA) qabaqcıl korporativ idarəetmə və korporativ sosial məsuliyyət prinsiplərinin təşviqi, həmçinin dünya üzrə qeyd edilən Daxili Audit Ayı çərçivəsində ətraf mühiti sağlamlaşdırmaq və ekoloji davamlılığa töhfə vermək məqsədilə ağacəkmə aksiyasına qoşulub.
Belə ki, 30 may 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun üzvü olan bankların daxili auditorlarının, Bakı Limanı, Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsinin (IIA Azerbaijan Chapter) üzvlərinin iştirakı və “AccessBank” QSC-nin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Bakı Limanı ərazisində 170 ədəd zeytun və şam ağacı əkilib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.