Dövlət Vergi Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin elektron əmtəə-nəqliyyat qaiməsi xidmətini istifadəyə verməsi haqqında birgə məlumatı

Əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidmət istifadəyə verilib.

Elektron xidmət “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununa, “AYNA informasiya sistemi haqqında Əsasnamə”yə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarına uyğun olaraq hazırlanıb. Elektron xidmət 1 mart tarixindən tam istifadəyə veriləcək. Hazırda sistem açıqdır.

Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi (e-qaimə) ilə rəsmiləşdirilmədən daşınması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır və bu qaydaların pozulmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulub.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşdirilən sənəddir. Bu sənəd yükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Əmtəə-nəqliyyat qaiməsində yükalanın ünvanı, yükün çatdırılma yeri, miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərilmə vaxtı, avtonəqliyyat vasitəsinin növü və digər məlumatlar qeyd olunur. Xidmətdən istifadə etmək üçün https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq, elektron əmtəə-nəqliyyat qaiməsi bölməsini seçmək lazımdır.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı və eləcə də ticarət sahələrində şəffaflığın təmin edilməsini hədəfləyir. Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi zamanı gücləndirilmiş elektron imzadan istifadə nəzərdə tutulur.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı