Dövlət Xidmətində daşıma şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İstehlakçı hüquqlarının qorunması sahəsində sahibkarların hüquq və vəzifələri, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələbləri istiqamətində müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Görüş zamanı iştirakçılara istehlakçılardan daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında Dövlət Xidməti tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat verilib. Bildirilib ki, istehlakçıların hüquqlarının pozulması halları daha çox bağlamaların öncədən bəyan edilən müddətdə və düzgün çatdırılmaması, daşıma tariflərinin qanunvericiliyin tələblərinə uyğun göstərilməməsi, o cümlədən sifariş verilən məhsulların qüsurlu çatdırılması ilə bağlı olub. Vurğulanıb ki, müraciətlər arasında hesablanmış daşıma haqqının şirkət tərəfindən tətbiq edilən tariflərə uyğun olmaması, çatdırılması həyata keçirilməyən və ya şirkət tərəfindən itirilmiş bağlamaların dəyərinin geri qaytarılmamasına dair hallara rast gəlinib.

Tədbir zamanı təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi, daşıma tarifləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verilməsi və fəaliyyətləri zamanı istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsinin zərurilyi sahibkarların diqqətinə çatıdırılıb. Maarifləndirici görüşdə sahibkarların öhdəlikləri diqqətə çatdırılıb, müvafiq sahədə qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilərək, onların sualları cavablandırılıb və fəaliyyətlərində nöqsanların aradan qaldırılması tövsiyə edilib. Bundan əlavə, istehlakçı yönümlü davranış sərgiləməklə xidmətalma mühitinin formalaşdırılması və müştəri məmnuniyyətinin təmin olunmasının vacibliyi qeyd olunub.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tənzimləyici tədbirlər norma və qaydalara riayət olunmasına, mal, iş və xidmətlərin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasına hədəflənib.

Sonda istehlakçıların mənafelərinin qorunması istiqamətində sahibkarların rolunun artırılması, bu sahədə cari vəziyyət və qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı