2025-ci ilin yekununda Azərbaycanda dövlət zəmanətli borcun məbləği 10 milyard 368,4 milyon manata və ya ümumi daxili məhsulun (ÜDM) 8 %-nə enib. Məlumat qurumda keçirilmiş növbəti Kollegiya iclasında açıqlanıb.
İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin ötən il gördüyü işlər və qarşıdakı dövr üçün vəzifələr, Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinin icra vəziyyəti, eləcə də cari məsələlər müzakirə olunub.
Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyev-in rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkənin sosial-iqtisadi inkişafına, makroiqtisadi sabitliyə və dayanıqlı artıma mühüm töhfə verir. Onun sözlərinə görə, bu amillər dövlət büdcəsinin icrasına müsbət təsir göstərərək gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, fiskal intizamın qorunmasına və maliyyə mövqelərinin möhkəmlənməsinə şərait yaradıb.
S.Babayev qeyd edib ki, 2022–2025-ci illər üzrə yenilənmiş Borc Strategiyasında müəyyən edilmiş hədəflərə tam nail olunub. Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 %-dən aşağı saxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi prioritetlər təmin edilib.
Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması üçün dəyişkən faizli borcun ümumi portfeldə payının 50 %-i keçməməsi, daxili borclanmanın genişləndirilməsi və xarici dövlət borcunun tədricən azaldılması, eləcə də dövlət qiymətli kağızlarının orta ödəniş müddətinin mərhələli şəkildə uzadılması istiqamətində tədbirlər həyata keçirilib.