Mənbə: Report.az
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ilk istiqraz buraxılışını həyata keçirməyə hazırlaşır.
Bu barədə EBRD-nin xəzinədarın müavini və maliyyələşdirmə üzrə rəhbəri İzabella Laurent Amerikanın Ticarət Palatası (AmCham) və Bakı Fond Birjasının birgə təşkil etdiyi Azərbaycan Sabit Gəlir Forumunun “Beynəlxalq Maliyyə İnstitutlarının Yerli Maliyyə Bazarlarındakı Rolu” panelində bildirib.
İ.Laurent qeyd edib ki, bankın komandası hazırda təklif sirkulyarını (offering circular) yekunlaşdırır və Bakı Fond Birjası (BFB) ilə Milli Depozit Mərkəzi (MDM) arasında müqavilələrin bağlanması prosesi davam edir:
“Ümid edirik ki, bütün bu işlər yaxın zamanda başa çatacaq və üzən faizli istiqrazların (floating rate note) buraxılışına start veriləcək. Əməliyyatın bir-iki həftə ərzində baş tutacağı gözlənilir. Bu, Azərbaycan istiqraz bazarı üçün həm həyəcanlı, həm də həlledici məqam olacaq”, – o bildirib.
Bank rəsmisi vurğulayıb ki, ilkin buraxılış böyük həcmdə olmayacaq:
“Əməliyyatın mümkün qədər etibarlı olması üçün “ABB-İnvest”, BFB, MDM və Mərkəzi Bank ilə möhkəm tərəfdaşlıqlar qurulub”.