Avrasiya İnkişaf Bankı (EDB) Yaxın Şərqdəki mövcud vəziyyət fonunda Fars körfəzi ölkələrindən Avrasiya regionuna investisiya axınlarının müəyyən qədər azalması ehtimalını istisna etmir.
Bunu bankın İnteqrasiya Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Zaboyev “Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar” adlı hesabatın təqdimatında bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə İranda baş verən hadisələr Avrasiya regionunda investisiya fəallığına hələ ki, birbaşa təsir göstərməyib.
“Hazırda cərəyan edən proseslər, yəqin ki, təsir göstərəcək, lakin yalnız gələcəkdə. Hazırda icra mərhələsində olan layihələr həyata keçirilməkdə davam edir və müvafiq olaraq bu, cari investisiya dinamikasında hələ əks olunmayıb”, – deyə A.Zaboyev qeyd edib.
Mərkəz rəhbəri vurğulayıb ki, vəziyyət əsasən qlobal və regional miqyasda hadisələrin sonrakı inkişafından, həmçinin infrastrukturun bərpası üçün tələb olunacaq resursların həcmindən asılı olacaq.
Onun sözlərinə görə, bu amillər ortamüddətli perspektivdə körfəz dövlətlərindən Avrasiya regionuna yönələn birbaşa xarici investisiyaların müəyyən qədər azalmasına səbəb ola bilər.
“Bununla belə, hazırda bu suala birmənalı cavab vermək mümkün deyil, çünki hadisələr inkişaf etməkdə davam edir. Proseslər başa çatdıqdan sonra daha dəqiq qiymətləndirmələr aparmaq mümkün olacaq”, – deyə A.Zaboyev əlavə edib.