Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Edqar Abdullayev: “Maliyyə bazarında inqilabi dəyişikliklər olacaq" - BBN

Edqar Abdullayev: “Maliyyə bazarında inqilabi dəyişikliklər olacaq”

Azərbaycan Fintex Assosiasiyasının sədri və rəqəmsal ödəniş həlləri sahəsində fəaliyyət göstərən “United Payment” adlı elektron pul təşkilatının rəhbəri Edqar Abdullayev maliyyə texnologiyaları, rəqəmsal ödənişlər və fintech ekosisteminin inkişaf perspektivləri barədə Fins.az-a geniş müsahibə verib. Müsahibədə şirkətin Azərbaycandakı fəaliyyət istiqamətləri, elektron ödəniş infrastrukturu, böyük biznes subyektləri ilə əməkdaşlıq planları və fintex sahəsinin tənzimlənmiş inkişafına dair fikirlər yer alıb. Eyni zamanda, assosiasiyanın bazar problemlərinin həllinə yönəlmiş təşəbbüsləri, maarifləndirmə layihələri və fintex kadrlarının hazırlanması istiqamətində atılan addımlar da müzakirə olunub.

– Şirkətinizin əsas xidmətləri nələrdir və müştərilər bu xidmətlərdən necə faydalanır?  

-Biz 2021-ci ildə Azərbaycanda fəaliyyətə başlamışıq və maliyyə texnologiyaları sahəsində elektron pul təşkilatının qanunvericilik çərçivəsinə uyğun xidmətlər göstəririk. Əsas fəaliyyətimiz üç istiqamət üzərində qurulub. Birinci və ən böyük istiqamətimiz ödəniş aqreqasiyasıdır. Bu xidmət vasitəsilə pərakəndə satışla məşğul olan şirkətlərə və fiziki şəxslərə müxtəlif ödəniş kanallarını bir platformada birləşdirərək ödənişlərin qəbulu imkanı təqdim edirik. Kart ödənişləri, terminallar, mobil tətbiqlər və digər qanunla icazə verilən elektron ödəniş üsulları vasitəsilə müştərilər məhsul və xidmətlərini rahat şəkildə sata bilir. Məqsədimiz ödəniş prosesini sadələşdirmək və bizneslərin rəqəmsal ödənişlərdən maksimum faydalanmasına şərait yaratmaqdır.

İkinci istiqamətimiz beynəlxalq ödəniş xidmətlərinin təchiz olunmasıdır. Bu sahədə banklar və lisenziyalı maliyyə institutları ilə əməkdaşlıq edərək Azərbaycandan xaricə və xaricdən Azərbaycana ödənişlərin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsini təmin edirik. Pul köçürmələrinin beynəlxalq standartlara uyğun olması, şəffaflıq və təhlükəsizlik bizim əsas prioritetlərimizdəndir.

Üçüncü istiqamət isə elektron pul təşkilatı fəaliyyətidir. Bu çərçivədə öz rəqəmsal cüzdan xidmətimiz – “Turan” vasitəsilə istifadəçilərə elektron pul hesabı açmaq və ödənişlər etmək imkanı veririk. Əsas məqsədimiz Türkiyədə tətbiq etdiyimiz fintech-as-a-service modelini Azərbaycanda da inkişaf etdirmək idi, lakin mövcud qanunvericilik hələlik bu modeli tam şəkildə tətbiq etməyə imkan vermir. Buna görə də fəaliyyətimizi elektron pul cüzdanımız vasitəsilə məhdudlaşdırmışıq və hazırda əsas xidmətimiz Türkiyə ilə pul köçürmələri və rəqəmsal ödənişlərdir.

-Şirkət böyük biznes subyektləri ilə əməkdaşlıq istiqamətində hansı planları həyata keçirməyi düşünür və bu əməkdaşlıqlar bizneslərə nə qazandıracaq?

-Biz həm də böyük biznes subyektləri ilə əməkdaşlıq etmək niyyətindəyik. Gələcəkdə Mərkəzi bank tərəfindən müvafiq icazələr alındıqdan sonra həmin şirkətlər üçün xüsusi rəqəmsal cüzdan həlləri təqdim edəcəyik. Türkiyədə artıq 76-dan çox böyük qurum üçün belə xidmətlər göstəririk – Beşiktaş futbol klubu,  BMW, Bridgestone, Borusan, Ankara Büyükşehir belediyesi və Şişli bələdiyyələri kimi təşkilatlara elektron pul həlləri təqdim etmişik. Azərbaycanda da bu təcrübəni tətbiq etmək istəyirik.

-Mərkəzi Bankla əməkdaşlığınız hansı formada təşkil edilib?

-Bizim fəaliyyətimiz Mərkəzi Bank ilə sıx əməkdaşlığa əsaslanır. Mərkəzi Bank tənzimləyici orqan kimi bütün addımlarımızın qanunvericiliyə uyğun olmasına nəzarət edir, eyni zamanda maliyyə texnologiyalarının inkişafını dəstəkləyir. Əksər hallarda təkliflərimiz müzakirə olunur, əsaslandırılmış qərarlar qəbul edilir və ortaq məxrəcə gəlirik. Məqsədimiz tənzimlənmiş innovasiya mühitini yaratmaqdır- həm istehlakçıların hüquqları qorunsun, həm də fintech ekosistemi inkişaf etsin.

-Azərbaycan Fintex Assosiasiyası vasitəsilə hansı əsas problemləri həll etməyə çalışırsınız və assosiasiyanın bazara təsiri necədir?

-Eyni zamanda mən Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədriyəm. Assosiasiya vasitəsilə fintex şirkətlərinin problemlərini və təkliflərini tənzimləyici orqanlarla paylaşırıq, ümumi ekosistemdə koordinasiyanı təmin edirik, bazarın inkişafına yönəlmiş təşəbbüslər irəli sürürük. Müzakirələrimiz nəticəsində bəzi təkliflər qəbul edilir, bəzi təkliflərimizə imtina alırıq, bəziləri üzərində isə ortaq yanaşma formalaşır. Bu proses maliyyə texnologiyaları sahəsinin sağlam inkişafına xidmət edir.

Yeni layihələr istiqamətində əsas diqqətimiz əhalinin maarifləndirilməsinə yönəlib. “Fintech Talks” layihəsi çərçivəsində universitetlərdə seminarlar keçirir, tələbələrə maliyyə texnologiyaları, rəqəmsal ödənişlər, kibertəhlükəsizlik və dələduzluq riskləri haqqında məlumat veririk. Bu məqsədlə memorandumlar imzalayırıq və gəncləri əmək bazarına hazırlamağa çalışırıq. Çünki fintex sahəsində kadr çatışmazlığı hiss olunur və universitet məzunları bazarın tələblərinə tam hazır olmurlar.

Bu çərçivədə 23 Fevral tarixində Azərbaycan Texniki Universiteti-də fintex laboratoriyasının açılışını etdik. Növbəti addımımız digər universitetlərlə əməkdaşlığı genişləndirməkdir ki, tələbələr ilkin biliklərə yiyələnsin və iş dünyasına daha hazırlıqlı qədəm qoysunlar.

Eyni zamanda, İFC-nin dəstəyi ilə, Azərbaycanın Fintex Kataloqunun yaradılması təşəbbüsünə start vermişik. Qeyd etmək istərdim ki, bu kataloq yalnız assosiasiyamızın üzvlərini deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən bütün lisenziyalaşdırılmış ödəniş təşkilatlarını və elektron pul təşkilatlarını, habelə maliyyə texnologiyaları sahəsində xidmət göstərən və qanunvericiliyə uyğun olaraq lisenziya tələb olunmadan fəaliyyət göstərən proqram təminatı həlləri təqdim edən qurumları da əhatə edəcək.

Bu təşəbbüs nəticəsində ölkəmizin rəqəmsal ekosisteminin institusional inkişafı daha da sürətlənəcək, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühit möhkəmlənəcək, beynəlxalq tərəfdaşlıqlar genişlənəcək və qabaqcıl xarici təcrübələrin öyrənilməsi və tətbiqi prosesi daha sistemli və effektiv şəkildə həyata keçiriləcəkdir.

-Azərbaycan maliyyə texnologiyaların gələcəyini necə görürsünüz?

-Azərbaycanın maliyyə texnologiyaları gələcəyinə gəldikdə, biz bu sahədə artıq mühüm inkişaf mərhələsindəyik. Token ödənişləri, Apple Pay və Google Pay kimi rəqəmsal ödəniş həlləri, həmçinin ölkədə nağd pulla rəqəmsal ödənişlər arasında transformasiya aləti kimi fəaliyyət göstərən kiosk terminallar bu keçidi sürətləndirib. Bu sistemlər ödənişlərin rahatlığını artırır və rəqəmsal iqtisadiyyata keçidi gücləndirir.

-Hazırda virtual aktivlərlə iş haqqında qanun layihəsinin sənədinin hazırlanması prosesi yekunlaşır. Bu, dövlətə təqdim ediləcək. Mərkəzi Bank burada konstruktiv yanaşmasını nümayiş etdirdi. Bizim assosyasiyanın üzvləri ilə də sənəd paylaşılıb və müzakirə edilib, bizim təkliflərimiz də nəzərə alınıb. Ümumiyyətlə, Mərkəzi Bank bütün bazar iştirakçıları ilə layihəni bölüşüb. Burada Mərkəzin Bankın əsas vəzifəsi təhlükəsizliyin təmin edilməsi ilə vətəndaşın rifahının təmin edilməsidir. Bununla da ölkənin iqtisadi inkişafını təmin etməkdir. Gələcəkdə virtual aktivlər haqqında qanunun qüvvəyə minməsi ilə fintex sahəsində yeni imkanlar yaranacaq. Paylaşılmış reyestr texnologiyaları, kripto aktivlərin tənzimlənməsi, risklərin idarə olunması və istehlakçı hüquqlarının qorunması bu qanunun əsas elementləridir. Məqsədimiz kriptovalyuta bazarını xaotik şəkildə deyil, tənzimlənmiş və təhlükəsiz mühitdə inkişaf etdirməkdir.

-Sizcə biz maliyyə texnologiyaların tətbiqi sahəsində digər ölkələrdən geri qalmışıqmı?

-Biz regionda geri qaldığımızı düşünmürük-biz ehtiyatlı və tənzimlənmiş yanaşma tətbiq edirik. Çirkli pulların yuyulması, dələduzluq və maliyyə riskləri kimi məsələlər ciddi tənzimləmə tələb edir. Dövlətin məqsədi innovasiyanı dəstəkləmək, eyni zamanda iqtisadi təhlükəsizliyi təmin etməkdir. Bu balans sayəsində fintex ekosistemi uzunmüddətli və dayanıqlı şəkildə inkişaf edəcək.

Gələcəkdə açıq maliyyə sistemləri tətbiq olunduqca maliyyə texnologiyaları daha sürətlə inkişaf edəcək. Risklərin real vaxtda monitorinqi, rəqəmsal identifikasiya və avtomatlaşdırılmış fraud aşkarlama sistemləri maliyyə xidmətlərini daha təhlükəsiz və effektiv edəcək. Bu istiqamətlər fintech sahəsini yalnız ödənişlərdən ibarət deyil, daha geniş rəqəmsal maliyyə ekosisteminə çevirəcək.

Related posts

“Güclü qadınlar güclü cəmiyyət yaradır”

Geosiyasi gərginlik kriptobazara necə təsir edəcək? – Ekspert: “İlkin mərhələdə 5–15% korreksiya mümkündür”- EKSKÜLİZİV

İlham Şaban: Neftin hazırkı qiyməti büdcəyə real təsiri yalnız apreldə bilinəcək-EKSKÜLİZİV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı