Efiopiya Azərbaycanın rəqəmsal hökumət və innovasiya təcrübəsini öyrənməkdə maraqlıdır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Efiopiyanın dövlət rəsmiləri arasında görüş baş tutub.

Görüşdə Azərbaycanın rəqəmsal hökumət və innovasiya təcrübəsinin Afrika ölkələrinə, xüsusilə də Efiopiyaya ötürülməsi, rəqəmsal bilik və bacarıqların inkişafı məqsədilə təlimlərin, müxtəlif vörkşopların keçirilməsi məsələləri geniş müzakirə edilib, təcrübə transferi üçün ilkin razılıq əldə edilib. Belə ki, Efiopiya tərəfi Azərbaycanın “mygov”, “digital.bridge”, “digital.login” kimi rəqəmsal hökumət həlləri, rəqəmsal şəxsiyyət vəsiqəsi və rəqəmsal sənəd dövriyyəsi məhsullarına, eləcə də innovasiya istiqaməti üzrə müdafiə texnologiyaları klasterinə xüsusi maraq göstərdiyini bildirib.

Bu sahələr üzrə əməkdaşlıq üçün güclü potensialın olduğu vurğulanıb. Efiopiyanın innovasiya və texnologiyalar üzrə dövlət naziri Yişrun Alemayehu: “Azərbaycanın rəqəsmal transformasiya səyahəti və əldə etdiyi uğurlar diqqətəlayiqdir. Efiopiya bir Afrika ölkəsi olaraq Azərbaycanın qabaqcıl rəqəmsal hökumət təcrübəsini öyrənməkdə maraqlıdır”.

Görüşdə, həmçinin “Digital Ethiopia 2025” rəqəmsal transformasiya strategiyası barəsində İRİA rəsmilərinə ətraflı məlumat verilib və bu strategiyanın həyata keçirilməsində ölkəmizin təcrübəsinin tətbiqi imkanları dəyərləndirilib. Görüş zamanı bildirilib ki, Azərbaycanın son illərdə rəqəmsal hökumət quruculuğu sahəsində əldə etdiyi irəliləyiş beynəlxalq hesabatlarda və rəqəmsal məhsulların nüfuzlu mükafatlara layiq görülməsində özünü göstərir. İRİA-nın sədri İnarə Vəliyeva: “Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişaf İndeksində 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib və beləliklə ilk dəfə olaraq indeksdə ən yüksək hesab edilən “Very High EGDI” kateqoriyalı ölkələrin sırasına daxil olub.”

İRİA rəsmisi, həmçinin Azərbaycanın rəqəmsallaşma təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsi və bu xüsusda əməkdaşlığı dəstəkləyən mexanizmlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: “Biz dayanıqlı inkişaf üçün innovasiya və təcrübə mübadiləsi üzrə əməkdaşlıq mühitinin formalaşmasını dəstəkləyirik. Əminəm ki, təcrübə transferi üzrə ilkin razılığımız Efiopiyanın rəqəmsal transformasiyası üçün real imkanlar yaradacaq”. Bununla yanaşı, görüş əsnasında SİMA biometrik rəqəmsal imza həlli “AzInTelecom”un nümayəndəsi tərəfindən təqdim olunub.

Qonaqlar eləcə də Azərbaycan İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Qeyd edək ki, COP29 çərçivəsində rəqəmsallaşmanın ətraf mühit problemlərinin həllində rolu mövzusuna həsr olunmuş bir sıra panel müzakirələrində Nigeriya, Uqanda, Keniya və digər Afrika ölkələri Azərbaycanın rəqəmsal hökumət həlləri ilə yaxından tanış olmaqla yanaşı, İRİA nümayəndələri ilə təcrübə və bilik mübadiləsi istiqamətində ilkin müzakirələr aparıblar.

Related posts

Polşa Banklar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası arasında Memorandum imzalanmışdır

Azərbaycan Kredit Bürosunun yeni xidməti – vizual analitika portalı istifadəyə verilmişdir

“ASAN xidmət” ölkə üzrə növbəti ilkə imza atıb!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı