Əli Əsədov: Azərbaycan–Türkiyə İnvestisiya Forumu yeni birgə layihələr üçün mühüm platformadır

Artıq ikinci dəfə təşkil olunan Azərbaycan–Türkiyə İnvestisiya Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi baxımından mühüm platformadır.

BBN.az “Report”a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Baş nazir qeyd edib ki, forum çərçivəsində aparılacaq müzakirələrin konkret investisiya təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıq layihələrinə yol açacağına ümid edir. Onun sözlərinə görə, dünən Türkiyə Prezidentinin vitse-prezidenti Cevdet Yılmazla Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası uğurla keçirilib, ticarət-iqtisadi əlaqələrin gündəliyində duran aktual məsələlər müzakirə olunub və prioritet sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

“Bu gün isə hər iki ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşmək üçün bir araya gəlmişik. Ümid edirik ki, bugünkü görüş biznes cəmiyyətlərimiz üçün faydalı olacaq və yeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasına təkan verəcək”, – deyə Ə.Əsədov vurğulayıb.

Hökumət başçısı forumun Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiyaların artmasına və birgə uğurlu layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, forumun işinə uğurlar arzulayaraq hər iki ölkənin sahibkarlarını zəngin iqtisadi potensialdan daha fəal şəkildə yararlanmağa çağırıb.

Related posts

Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir

“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb

Azərbaycanda milli iqtisadiyyatın dayanıqlığının artırılması əsas hədəflər sırasındadır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı