Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində daha bir görüş baş tutub

Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının geniş tərkibli görüşü keçirilib. Görüş onlayn formada baş tutub. Tədbiri giriş sözü ilə açan komissiyanın sədri, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin gündəliyini elan edib və qarşıda duran məsələlər barədə söz açıb.

Daha sonra 2023-cü il ərzində komissiya tərəfindən görülmüş işlər barədə təqdimat nümayiş etdirilib. Komissiyanın 4 istiqaməti əhatə edən fəaliyyət planının 2022-ci ildə təsdiqləndiyi və 2023-cü il ərzində həyata keçirildiyi qeyd olunub.

İl ərzində keçirilən monitorinq tədbirləri zamanı, əsasən eşitmə, görmə və nitq qabiliyyəti məhdud, o cümlədən autizm sindromlu 18 yaşınadək və 50 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün inklüzivliyin təmin olunmasına və universallıq prinsipləri əsasında təmsilçilik və inkişafına xüsusi diqqət ayrıldığı bildirilib.

Hesabat dinlənildikdən sonra 2024-cü il üzrə təsdiq olunmuş tədbirlər planın da təqdimatı keçirilib.

Görüşdə, həmçinin cari məsələlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı üzvlərin rəy və təklifləri nəzərə alınıb, komissiyanın sədri Fərid Məmmədov tərəfindən qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi ƏƏSMN-ə tapşırılıb. Müvafiq olaraq ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və DOST Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb. Komissiya tərəfindən aparılan monitorinqin əsas istiqamətləri aşağıdakılardır:

– əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində onlara müyəssər şəraitin yaradılması səviyyəsinə baxış keçirilməsi (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu);

– inklüzivlik imkanlarının yaradılması sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı vəziyyətin araşdırılması (əlilliyinin növündən, formasından və dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat səviyyəsinin təminatı üçün əlilliyi olan şəxsə müyəssərliyin təmin edilməsi);

– ağlabatan uyğunlaşmanın təmin edilməsi ilə bağlı mövcud vəziyyət və təhlilin aparılması (əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi);

– əlilliyə görə ayrı-seçkilik faktlarının aşkar edilməsi və üzə çıxarılması (bütün sahələr üzrə ayrı-seçkiliyin aşkarlanması və qiymətləndirilməsi).

Related posts

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Qubada Türk Dövlətləri Təşkilatının Rəqəmsal Aqro Data Platformasının yaradılması ilə bağlı iclası keçirilir

Astara və Masallıda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı