“Əmək qanunvericiliyinin təkmilləşdirilməsi sosial-iqtisadi inkişafın mühüm istiqamətlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən son dəyişikliklər ölkənin daxili əmək münasibətlərinin modernləşdirilməsinə və beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsinə xidmət edir:
“Müasir dövrdə əmək bazarının çevikliyi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və əməkhaqqı siyasətinin şəffaf şəkildə tənzimlənməsi dövlətlərin iqtisadi rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biridir.
Qanunvericiliyə edilən dəyişiklik zərurətdən irəli gəlmiş addım kimi qiymətləndirilə bilər. Qlobal iqtisadi proseslər, inflyasiya səviyyəsində baş verən dəyişikliklər, əmək bazarındakı dinamiklik və əhalinin sosial rifahının qorunması dövlət siyasətində yeni yanaşmaların tətbiqini tələb edir. Bu dəyişiklik həm iqtisadi idarəetmənin institusional əsaslarını gücləndirir, həm də vətəndaşların sosial təminat imkanlarını genişləndirir.
Xüsusilə minimum əmək haqqı ilə bağlı mexanizmin yenilənməsi sosial siyasətin mühüm elementlərindən biri kimi diqqət çəkir. Yeni yanaşmaya görə, minimum əmək haqqına hər il ən azı bir dəfə baxılması zəruri prosedur kimi müəyyən edilir. Bu, əməkhaqqı siyasətinin sistemli və davamlı qiymətləndirilməsinə hüquqi zəmin yaradır və artımlar artıq iqtisadi göstəricilərin kompleks təhlilinə əsaslanacaq.
Hər il aparılacaq qiymətləndirmə prosesi zamanı inflyasiya, iqtisadi artım tempi, əmək məhsuldarlığı, əhalinin gəlirləri və digər makroiqtisadi amillər nəzərə alınacaq. Bu yanaşma əməkhaqqı siyasətində balansın qorunmasına, işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və biznes mühitinin sabitliyinin təmin olunmasına xidmət edir.
Minimum əmək haqqının indeksasiyası mexanizmi xüsusilə inflyasiya şəraitində əmək gəlirlərinin real dəyərinin qorunmasını təmin edərək sosial bərabərsizliyin azalmasına və iqtisadi aktivliyin stimullaşdırılmasına səbəb olur.
E. Əmirov vurğulayıb ki, bu islahatlar Azərbaycanın beynəlxalq iqtisadi və sosial reytinqlərdə mövqeyinə də müsbət təsir göstərir, investisiya cəlbediciliyini artırır və beynəlxalq əmək standartlarına uyğunlaşmanı dəstəkləyir.
“Minimum əmək haqqına hər il baxılması mexanizminin tətbiqi sosial rifahın qorunması, iqtisadi sabitliyin möhkəmləndirilməsi və əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Gələcək illərdə həyata keçiriləcək indeksasiya prosesi vətəndaşların həyat səviyyəsini yüksəldəcək və sosial-iqtisadi inkişafın davamlı xarakter almasına töhfə verəcəkdir”.