Fermerlər subsidiyanı elektron kabinetlərindəki kalkulyatorla hesablaya biləcək

Yeni subsidiya qaydalarına əsasən, fermerlər 6 subsidiya növünü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən ala biləcəklər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası artıq qüvvədədir. Bu qayda fermerlərə dövlət dəstəyi olaraq tətbiq edilən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının EKTİS üzərindən verilməsini nəzərdə tutur. İlk növbədə verilməsi nəzərdə tutulan əkin və heyvan subsidiyaları üzrə bölmələr www.eagro.az portalında Subsidiya İnformasiya Sistemində fermerin şəxsi kabinetində yerləşdirilib.

Bütün subsidiya növləri üzrə fermerlərə veriləcək vəsaitin məbləği artıq müəyyənləşdirilib. Yeni qaydaya uyğun olaraq, Aqrar Subsidiya Şurası yanvarın 15-dək subsidiya verilməli olan bitkiçilik məhsulları, onlara düşən subsidiyaların əmsal və məbləğlərini elan etməlidir. Elektron sistemə keçidin sürətlə təmin edilməsi və fermerlərə subsidiyaların vaxtında ödənilməsi üçün Aqrar Subsidiya Şurası 2020-ci ilin bitkilər və regionlara görə əkin, məhsul və toxum subsidiya əmsallarını, toxum və ting kvotalarını 2019-cu ilin sentyabrında elan edib. Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran hər bir fermer ona düşəcək subsidiyanı müraciəti təsdiqləmədən əvvəl kabinetdəki kalkulyatorla hesablaya biləcək.

Qeyd edək ki, hal-hazırda EKTİS-də 450 000-dək fermer qeydiyyatdan keçib.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı