“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Özbəkistanın “Davr Bank”ının nəzarət paketini əldə etməsi ilə bağlı sövdələşmənin 2026-cı ilin III rübünün sonunadək tamamlanacağını gözləyir.
BBN.az xəbər verir ki, bu barədə “Fitch Ratings” məlumat yayıb.
Agentliyin qiymətləndirməsinə görə, ABB-nin Özbəkistanda fəaliyyət göstərən kiçik maliyyə institutunu satın alması bankın kredit göstəricilərinə əhəmiyyətli təsir göstərməyəcək.
“Fitch Ratings” hesab edir ki, sözügedən əməliyyat ABB-nin fəaliyyət istiqamətlərini şaxələndirmək və daha yüksək gəlirlilik potensialına malik bazarlara çıxmaq strategiyası ilə uyğunluq təşkil edir.
Agentlik həmçinin ABB-nin Azərbaycan bank sektorundakı mövqeyinə diqqət çəkib. Bildirilib ki, ölkənin ən böyük bankı olan ABB 2026-cı ilin ilk yarısının nəticələrinə əsasən, aktivlər üzrə 25%, kredit portfeli üzrə isə 24% bazar payına malikdir.
Qeyd edək ki, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov daha əvvəl bankın “Davr Bank”ın alınması ilə bağlı Özbəkistana yönəldəcəyi investisiyanın 100 milyon ABŞ dollarını ötəcəyini açıqlayıb.
“Davr Bank” 2001-ci ilin sentyabrından Özbəkistanda fəaliyyət göstərir.