İrandakı münaqişə enerji idxalı, pul köçürmələri, maliyyə subsidiyaları, valyuta məzənnələri və beynəlxalq maliyyələşməyə çıxış kimi kanallar vasitəsilə bəzi inkişaf etməkdə olan ölkələrin borcalanları üçün əlavə çətinliklər yarada bilər. Trend xəbər verir ki, bu barədə “Fitch Ratings” hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, münaqişə fərqli ölkələrə spesifik təsir göstərə bilər. Əgər İrandakı qeyri-sabitlik qaçqınların kütləvi şəkildə ölkədən çıxmasına səbəb olarsa, Azərbaycan, İraq və Türkiyə iqtisadi zərər görə bilər.
Eyni zamanda, Fars körfəzi xaricində yerləşən karbohidrogen ixrac edən ölkələr – Anqola, Argentina, Azərbaycan, Braziliya, Kolumbiya, Ekvador, Qabon, Qazaxıstan, Nigeriya və Konqo Respublikası – enerji qiymətlərinin uzun müddət yüksək qalması nəticəsində ixrac gəlirlərinin artması və maliyyə vəziyyətinin yaxşılaşması kimi müsbət təsir hiss edə bilərlər.
Fitch analitikləri vurğulayır ki, Hörmüz boğazının bağlanmasının bir aydan az davam etdiyi və neft infrastrukturuna ciddi ziyan dəymədiyi ssenaridə inkişaf etməkdə olan bazarların reytinqləri üçün risklər məhdud qalmalıdır. Lakin daha uzun müddətli bağlanma ciddi iqtisadi təsirlərə səbəb ola bilər.
Agentlik bildirir ki, neft və qaz idxalı, qlobal enerji qiymətlərinə təsiri vasitəsilə münaqişə risklərinin iqtisadiyyata ötürülməsi üçün ən birbaşa kanaldır. Kiçik inkişaf etməkdə olan ölkələr üçün xalis qazıntı yanacaq idxalı ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir. Bu baxımdan Pakistan, Çili, Misir, Hindistan, Mərakeş, Filippin, Tailand və Ukrayna kimi ölkələr daha həssasdır.
Hesabatda qeyd olunur ki, Pakistan kimi məhdud maliyyələşdirmə qabiliyyətinə malik və ya böyük cari hesab kəsiri olan ölkələr idxal xərclərinin artmasına qarşı daha kəskin təsir hiss edə bilər. 2025-ci ilin dekabrına olan proqnoza görə, Ukrayna üçün böyük cari hesab kəsiri (15,4 faiz), Filippin (3,4 faiz) və Misir (3,0 faiz) isə orta səviyyəli kəsirlə qarşılaşa bilər.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu nəticəsiz başa çatdıqdan sonra ABŞ regionda hərbi mövcudluğunu artırıb. Fevralın 28-də isə İsrail və ABŞ İran ərazisinə hərbi hava hücumları həyata keçirib. Hava hücumları zamanı İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri, həmçinin İran Ordusunun və Keşikçilər Korpusunun yüksək vəzifəli rəhbərləri həlak olub.
Beləliklə, Fitch analitiklərinin qənaətinə görə, İranla bağlı böhran həm qlobal enerji bazarlarında, həm də bəzi inkişaf etməkdə olan ölkələrin iqtisadi göstəricilərində əlavə risklər yarada bilər.