Yeni ilin yaxınlaşması ilə bank sektorunda gözlənilən yeniliklər də diqqət mərkəzinə çıxır. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin növbəti illərdə tədricən yavaşlayacağını proqnozlaşdırır.
Agentliyin qiymətləndirməsinə görə, kredit artımı xüsusilə istehlak kreditləri seqmentində daha nəzarət edilə bilən həddə düşəcək. Bu, maksimum effektiv faiz dərəcələri və təminatsız kreditlər üçün tətbiq edilən limitlər, həmçinin pərakəndə məhsullar üzrə artırılmış risk çəkiləri daxil olmaqla son makroprudensial tədbirlərlə əlaqələndirilir.
“Fitch” bildirir ki, kreditləşmənin daha yavaş genişlənməsinə baxmayaraq, 2026-cı ildə bankların maliyyə nəticələrinin qənaətbəxş səviyyədə qalacağı gözlənilir. Proqnoza əsasən, iqtisadi artım qeyri-neft sektorunun hesabına 2025-ci ildə 2,3%, 2026-cı ildə isə 2,5% olacaq.
Dollarlaşma azalmağa davam edəcək
Agentliyin hesablamalarına görə, kredit portfellərinin dollarlaşması azalaraq 2026-cı ilin sonuna 12%-ə yaxınlaşacaq (2024-cü ilin sonunda – 16%). Bu tendensiyaya manatın dollarla effektiv bağlılığı və valyuta kreditlərinin sərt tənzimlənməsi təsir edir.
Bununla belə, depozitlərin dollarlaşması yüksək olaraq qalacaq və “Fitch” bunu əlavə tədbirlər olmadan tədricən azalacaq proses kimi qiymətləndirir. 2025-ci ilin üçüncü rübündə depozitlərin dollarlaşma səviyyəsi 44% təşkil edib.
Gəlirlilik sabit qalacaq, lakin müəyyən daralma mümkündür
Agentlik qeyd edir ki, bankların yüksək mənfəətliliyi hələ də geniş faiz marjaları ilə qorunacaq (2025-ci ilin yanvar–sentyabr dövrü üzrə – 6,5%). Lakin 2026-cı ildə müddətli depozitlərin artması fonunda marjanın təxminən 50 bənd azalması mümkündür.
Eyni zamanda, kredit dəyərsizləşməsi üzrə xərclərin 2%-ə yüksələcəyi proqnozlaşdırılır (2025-ci ilin doqquz ayı üzrə – 1,2%). Bu isə əməliyyat mənfəətində müəyyən azalmaya səbəb olsa da, ümumi gəlirlilik səviyyəsi dayanqlı qalacaq.
Kapital adekvatlığı göstəricilərinin də stabil qalacağı gözlənilir. “Fitch” 2026-cı ildə “Tier 1” kapital əmsalının təxminən 14% olacağını proqnozlaşdırır ki, bu da normativ tələbləri əhəmiyyətli dərəcədə üstələyir.
Ekspert: Kreditləşmə siyasəti daha ehtiyatlı olacaq
Mövzuya münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, borclanmanın artması və tənzimləyicinin sərtləşdirilmiş standartları bankları daha konservativ kredit siyasətinə gətirəcək:
“Bankların likvidliyi sabit qalacaq, lakin problemli kreditlərin payı bir qədər artaraq 4–4,5%-ə çata bilər. Kredit şərtləri daha ehtiyatlı olacaq, pərakəndə kreditləşmədə yavaşlama müşahidə ediləcək. Bunun fonunda qeyri-neft sektoruna yönələn korporativ kreditlər ön plana çıxacaq”.
Ekspert hesab edir ki, 2026-cı ildə banklar riskləri daha diqqətlə qiymətləndirən, balanslaşdırılmış və dayanıqlı kredit siyasətinə keçəcək. Bu isə sektorun sabitliyini qorumağa və iqtisadiyyatın real sektoruna daha hədəfli dəstək verməyə imkan verəcək.