Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq doğuran risklər görmür.
Bunu agentliyin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrishnan “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” mövzusunda keçirilən vebinar zamanı bildirib.
Onun sözlərinə görə, dövlət borcu Azərbaycanın kredit profilinin açıq-aşkar güclü tərəflərindən biridir.
“2025-ci ilin vəziyyətinə əsasən, dövlət borcunun həcmi ÜDM-in 20 %-indən bir qədər çoxdur ki, bu da müəyyən edilmiş 30 %-lik həddən xeyli aşağıdır. Bu baxımdan biz hər hansı narahatlıq üçün səbəb görmürük”, – deyə A.Ramakrişnan vurğulayıb.
Qeyd edək ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat və ya ÜDM-in 19,5 %-i təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 % azalıb.
Dövlət borcunun strukturunda 17 milyard 46,8 milyon manat daxili borcun payına düşür. Xarici borc isə 4 milyard 893,1 milyon ABŞ dolları və ya 8 milyard 318,3 milyon manat təşkil edir. 2024-cü il oktyabrın 1-i ilə müqayisədə daxili borc 0,8 %, xarici borc isə 7,7 % azalıb.