İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) dövriyyədə olan bütün istiqrazlarının təxminən 80 faizi Mərkəzi Bankın portfelində toplanıb. Bu geri alım mexanizmi fondun ən güclü maliyyə təminatlarından biri kimi qiymətləndirilir.
Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” öz qiymətləndirməsində bildirib. Hesabatda qeyd olunur ki, İKZF-nin maliyyə sabitliyinin əsas dayağı dövlət dəstəyidir.
Məlumata görə, fond 2024–2025-ci illərdə dövlət büdcəsindən sosial ipotekaların maliyyələşdirilməsi üçün ümumilikdə 172,7 milyon manat məbləğində kapital transferi alıb. Bununla yanaşı, İKZF gəlir vergisindən azad edilən dörd qurumdan biridir və məhsullarına, istiqrazlarına tətbiq olunan “xüsusi risk qrupu” təsnifatı sayəsində dolayı dövlət dəstəyi əldə edir.
Agentlik əlavə edib ki, tənzimləyici və siyasi dəstəyin orta müddətdə güclü qalacağı gözlənilir. Dövlətin 2026-cı ildə əlavə 100 milyon manat ayırması planlaşdırılır. Bu vəsaitin əsas hissəsi sosial ipotekaların genişləndirilməsinə, müəyyən hissəsi isə kiçik və orta biznesə (KOB) kredit subsidiyasına yönəldiləcək.
Xatırladaq ki, “Fitch Ratings” İKZF-nin uzunmüddətli xarici və yerli valyutada olan reytinqlərini “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Stabil” olaraq saxlayıb.