Dünyanın 21 iri maliyyə institutu ABŞ dollarına bağlanmış birgə “stablecoin” yaratmaq üçün yeni şirkət təsis etməyi planlaşdırır.
Layihədə Goldman Sachs, Bank of America, Citi və Deutsche Bank kimi dünyanın aparıcı maliyyə qurumları iştirak edir.
Planlara əsasən, yeni rəqəmsal aktivin 2027-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Konsorsium gələcəkdə avro başda olmaqla digər G7 valyutalarına bağlı “stablecoin”lərin buraxılmasını da nəzərdən keçirir.
Yeni layihə ənənəvi bank sektorunun blokçeyn əsaslı ödəniş sistemlərinə münasibətində ciddi dəyişiklik olduğunu göstərir.
Banklar indiyədək əsasən kriptovalyuta şirkətlərinin üstünlük təşkil etdiyi bazara birbaşa daxil olmaqla beynəlxalq ödənişləri sürətləndirməyi və rəqəmsal maliyyə infrastrukturunda mövqelərini qorumağı hədəfləyirlər.
Layihənin reallaşması “stablecoin” bazarında rəqabəti əhəmiyyətli dərəcədə artıra bilər.