“Green Note” layihəsi çərçivəsində bir məktəbdən toplanan 2 tona yaxın kağız təkrar emala yönləndirilib

Cari ilin aprel ayında Energetika Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində başladılan “Green Note” layihəsinin birinci mərhələsi yekunlaşıb. Layihə çərçivəsində məktəb şagirdləri və kollektivi tərəfindən təkrar emala göndərilmək üçün 2 tona yaxın kağız toplanıb.

Layihənin məqsədi məktəbdə istifadə olunmuş dəftərlərin və digər kağız məmulatlarının təkrar emala yönləndirilməsi ilə şagirdlər arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbiətin mühafizəsinə töhfə verməkdir.

158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova layihənin məktəblilər arasında resurslara qənaət, tullantıların azaldılması və ekoloji dəyərlərin təşviqi baxımından mühüm rola malik olduğunu qeyd edib, bu təşəbbüsü təhsilin yalnız akademik biliklərlə deyil, həm də sosial məsuliyyətlə zənginləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirib.

Layihənin ideya müəllifi və rəhbəri, 11-cu sinif şagirdi Kamilə Cəfərli bildirib ki, layihə çərçivəsində toplanan 2 ton kağız tullantısı təkrar emala yönləndirilməklə onlarla ağacın kəsilməsinin qarşısı alınıb, yüz minlərlə litr su və minlərlə kilovat-saat enerjiyə qənaət edilib. “Green Note” layihəsinin dayanıqlı yaşıl gələcək üçün cəmiyyətin bütün təbəqələrinə nümunə olacağına əminlik ifadə olunub və layihənin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, “Green Note” layihəsi çərçivəsində 3 mindən çox şagirdin təhsil aldığı məktəbdə quraşdırılmış 12 ədəd toplama qutusu sayəsində tullantıların azaldılmasına və ətraf mühitə zərərin minimuma endirilməsinə mühüm töhfə verilib. Layihənin uğurlu nəticələri onun gələcəkdə digər təhsil müəssisələrində də tətbiqinə zəmin yaradır.

Related posts

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb

ABŞ 2025-ci il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 37,9 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı