Gümüşün qiyməti artan investor tələbi və pərakəndə bazarlarda intensiv alışların təsiri ilə 100 ABŞ dolları həddini keçərək yeni tarixi rekord müəyyən edib.
Son 24 saat ərzində gümüşün bir unsiyasının qiyməti 7,45% artaraq 103,3 dollara yüksəlib.
Məlumata görə, qiymətli metalın dəyəri son bir ayda 31,4 dollar və ya 43,7%, son bir ildə 72,8 dollar və ya 3,4 dəfə, son beş ildə isə 77,8 dollar və ya 4,1 dəfə artıb. Müqayisə üçün qeyd edək ki, bir ay əvvəl gümüşün bir unsiyası 71,9 dollar, bir il əvvəl 30,5 dollar, beş il əvvəl isə 25,5 dollar təşkil edib.
Ekspertlər bildirirlər ki, qiymətli metallara tələbin artması ABŞ-da siyasi və iqtisadi qeyri-müəyyənlik fonunda baş verir. ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin ilk ilində ticarət siyasəti, geosiyasi proseslər və pul siyasəti ilə bağlı artan gərginlik investorların təhlükəsiz aktivlərə marağını gücləndirib.
Bundan əlavə, Vaşinqtonla Avropa müttəfiqləri arasında yaranan fikir ayrılıqları, eləcə də Ukraynadakı müharibənin dayandırılması istiqamətində atılan addımların hələlik nəticə verməməsi bazarlarda riskləri artırıb.
ABŞ Mərkəzi Bankının (FED) müstəqilliyi ilə bağlı müzakirələr də qiymətli metallara tələbi dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir. Donald Trampın növbəti FED sədri ilə bağlı məsləhətləşmələri tamamladığını açıqlaması mərkəzi bankın müstəqilliyi ətrafında narahatlıqları yenidən gündəmə gətirib və bu da qızıl və gümüş qiymətlərində artımı sürətləndirib.