2021–2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoru orta hesabla illik 6,7 % artaraq hazırda milli iqtisadiyyatın 68 %-ni təşkil edir.
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, son illərdə qeyri-neft ixracı təxminən iki dəfə artıb ki, bu da Azərbaycanın artan rəqabət qabiliyyətini göstərir.
“Hazırda ÜDM-in 80 %-dən çoxu özəl sektorun payına düşür. Eyni zamanda, fiskal göstəricilər möhkəmlənib. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 2017-ci illə müqayisədə iki dəfədən çox artıb. Strateji valyuta ehtiyatlarımız təxminən iki dəfə böyüyüb, dövlət borcu isə ÜDM-in cəmi 6,5 %-nə enib ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir”, – deyə S. Bəşirli vurğulayıb.
Nazir müavini həmçinin bildirib ki, enerji siyasəti Azərbaycanın həm inkişafının, həm də beynəlxalq nüfuzunun əsas dayağı olaraq qalır:
“Ölkəmiz həm ənənəvi resurslarda, həm də bərpaolunan enerji sahəsində etibarlı tərəfdaşdır. İri miqyaslı günəş və külək layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonası” Azərbaycanın qlobal enerji keçidində fəal iştirakını təmin edir”.