Texnologiya sahəsində fəaliyyət göstərən nəhəng korporasiyalardan olan “IBM” birinci rüb üzrə maliyyə göstəricilərini açıqlayıb. Göstəricilərə görə, şirkətin birinci rübdə əldə etdiyi gəlirlər gözlənilən səviyyəni də ötərək 14.2 milyard dollara çatıb. İqtisadi ekspertlər gəlir səviyyəsinin 13.85 milyard dollar səviyyəsində qərarlaşacağı yönündə proqnozlar verib.
Gəlirlərində ötən ilə nisbətdə 7.7%-lik, ümumi əməliyyat gəlirlərində isə 64%-lik artım əldə edən “IBM” korporasiyasının səhm dəyərində də 3%-lik artım qeydə alınıb. “IBM” gəlirlərinin əsas hissəsini proqram təminatı (5.77 milyard dollar) və konsaltinq (4.83 milyard dollar) xidmətlərindən əldə edib.
Məlumat üçün qeyd edək ki, “Bloomberg” analitiki Jon Erlichman tərəfindən aparılan araşdırmalara əsasən, “IBM” 2012 və 2022-ci illər aralığında ümumilikdə 148.1 milyard dollar həcmində mənfəət qazanıb.