Neftin dünya bazarlarında bahalaşması Azərbaycana əlavə gəlir gətirə bilsə də, bunun dövlət büdcəsinə real təsirini indidən dəqiq qiymətləndirmək mümkün deyil. Bu barədə energetika məsələləri üzrə ekspert İlham Şaban BBN.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, hazırda bazarda müşahidə olunan qiymət artımı daha çox situativ xarakter daşıyır və büdcə gəlirlərinə təsiri dərhal görünmür.
“Azərbaycan neft qiymətlərinin artımından əlavə qazanc əldə edə bilər. Lakin bu, bazarda baş verən situativ hadisədir. Neftin hazırda hansı qiymətə satılmasının dövlət büdcəsinə konkret təsiri barədə nəsə demək mümkün deyil”, – deyə o qeyd edib.
İ.Şaban bildirib ki, bunun əsas səbəbi neft şirkətlərinin dövlət büdcəsinə vergiləri rüblük mənfəət əsasında ödəməsidir. Onun sözlərinə görə, şirkətlər mənfəət vergisini rüblük gəlirlərinin 25 faizi həcmində ödəyirlər.
Bu baxımdan, bazarda bir və ya bir neçə gün ərzində müşahidə olunan qiymət dəyişiklikləri daha çox psixoloji və gözlənti xarakterli təsir yaradır.
Ekspert hesab edir ki, neft qiymətlərinin büdcəyə real təsiri 2026-cı ilin aprel ayının ortalarında, yəni ilin birinci rübünün yekunları üzrə ödəmələr tamamlandıqdan sonra aydın olacaq.
“İlin birinci rübü üzrə ödənişlər başa çatdıqdan sonra demək mümkün olacaq ki, Azərbaycanın dövlət büdcəsində neftin orta ixrac qiyməti proqnozlaşdırılan 65 dollar həddindən yüksək olub, yoxsa aşağı”, – deyə İlham Şaban əlavə edib.