Cari ilin avqust ayında təqdim edilən məlumata əsasən, Azərbaycanın orta illik inflyasiya proqnozu 4,6 faizdən 5,4 faizə yüksəldilib. Qeyd edək ki, Mərkəzi Bankın iyul proqnozlarına görə, ölkədə illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı gözlənilir.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, proqnozun artırılmasının əsas səbəbi xarici təsirlərdir:
“Xüsusən də region bazarlarında müşahidə edilən qiymət artımları və Azərbaycana idxal edilən məhsullar üzrə qeydə alınan inflyasiya proqnoza yenidən baxılmasını zəruri edib. Xarici amillər içərisində logistika və idxal edilən məhsulların qiymətləri əsas faktorlardandır. Qlobal enerji bazarında stabillik müşahidə olunduğundan, enerji məhsullarının qiymət dəyişikliyi inflyasiyaya ciddi təsir göstərməyib”.
Millət vəkilinin sözlərinə görə, daxili amillər də nəzərə alınmalıdır:
“Büdcə xərclərinin artması, əməkhaqqı, pensiya və sosial müavinətlərdə edilən artımlar istehlak bazarında tələbi yüksəldib. Bu da qiymət artımlarına təsir göstərir. Tariflərin təsirləri nisbətən aşağı olsa da, istehlak və büdcə xərclərindəki artımlar inflyasiya proqnozuna təkan verir”.
Eyni zamanda, V.Bayramov qeyd edib ki, proqnozun artmasına baxmayaraq, inflyasiya birrəqəmli olaraq qalır və iqtisadiyyat üçün ciddi risk yaratmır.
“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli isə bildirib ki, rəqəmlərin dəyişməsinə dünyada baş verən proseslər təsir edir:
“Bəzi xidmət tariflərinin artması, qlobal bazarlarda logistika kanallarının bahalaşması, ixraca məhdudiyyətlərin qoyulması, eləcə də Rusiya-Ukrayna müharibəsi kimi amillər inflyasiya göstəricilərinə təsir edib. Daxildə isə sosial müavinətlərin və təqaüdlərin artırılması, investisiya qoyuluşları və tələbin artması inflyasiyanı tətikləyən səbəblərdəndir”.
İqtisadçı Xalid Kərimli isə hesab edir ki, inflyasiyanın əsas səbəbi idxaldır:
“Yanvar ayından kommunal xidmətlərin bahalaşması, dolların digər valyutalara qarşı dəyər itirməsi idxalın bahalaşmasına gətirib çıxarıb. Ərzaq inflyasiyası yeddi faiz üzərindədir və əhalinin böyük hissəsi xərclərinin əsas hissəsini məhz qidaya yönəldir. Bu da xüsusilə aşağı gəlirli təbəqənin büdcəsinə mənfi təsir göstərir”.
Ekspertlərin ümumi qənaətinə görə, idxaldan asılılığın azaldılması, kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişaf etdirilməsi inflyasiyanın azaldılması üçün vacib istiqamətlərdir.
Mənbə: oxu.az