Neft qiymətlərinin artımı fonunda 2026-cı ildə Azərbaycanda cari əməliyyatlar hesabının və dövlət büdcəsinin profisitlərinin güclənməsi mümkündür.
Bu barədə Niderlandın ING Group bank qrupunun qiymətləndirməsində bildirilir.
Qeyd olunur ki, “Brent” markalı neft üzrə baza ssenarisinə əsasən, 2026-cı ildə bir barelin qiyməti 89 ABŞ dolları, 2027-ci ildə isə 77 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Mənfi ssenarilərdə isə bu göstəricilər müvafiq olaraq 121 və 97 ABŞ dolları təşkil edir.
Analitiklərin fikrincə, mövcud şəraitdə Azərbaycan və Qazaxıstan daha üstün mövqedədir. Hesablamalara əsasən, yeni baza ssenarisi Azərbaycanı əsas benefisiara çevirir. Belə ki, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8–9%-nə çata, dövlət büdcəsinin profisiti isə 4–4,5% səviyyəsində formalaşa bilər.
Eyni zamanda, bazar məlumatlarına görə, İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,54 ABŞ dolları və ya 2,25% artaraq bir barel üçün 115,55 ABŞ dollarına yüksəlib. Türkiyənin Ceyhan limanında isə həmin neftin FOB qiyməti 2,9 dollar və ya 2,66% bahalaşaraq 111,83 ABŞ dolları təşkil edib.
Bununla yanaşı, “URALS” markalı xam neftin qiyməti 2,27 dollar və ya 2,76% artaraq 84,42 ABŞ dollarına çatıb. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neft isə 0,28 dollar və ya 0,24% azalaraq 116,27 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. “Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.