İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Harvard Universiteti ilə əməkdaşlığa başladı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Harvard Universitetinin Con Kennedi Dövlət İdarəçilik Məktəbinin İnkişaf Laboratoriyasının (Growth Lab) müraciəti əsasında hibrid formatda görüş keçirilib. Görüşdə məqsəd İİTKM ilə Harvard Universitetinin İnkişaf Laboratoriyası arasında birgə tədqiqatlara başlanması, eləcə də layihələrin icrası üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığın əldə edilməsi olub.

Onlayn görüşə qədər Azərbaycana səfəri çərçivəsində İİTKM-də olan İnkişaf Laboratoriyasının tədqiqatçısı Ridhi Aqarval (Ridhi Aggarwal) İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov, şöbə müdirinin müavini Günay Quliyeva və baş məsləhətçi Vüsalə Cəfərova ilə ilkin müzakirə aparıb. Ridhi Aqarval təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib və iqtisadi artım tədqiqatları sahəsində İİTKM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Daha sonra müzakirələrə Harvard Universitetinin professoru Rikardo Hausmanın rəhbərlik etdiyi İnkişaf Laboratoriyasının digər tədqiqatçıları da onlayn qaydada qoşulublar. Əvvəlcə, İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov iqtisadi diversifikasiya prioritetləri və davamlı iqtisadi artımı təmin etməyə hədəflənən strateji prioritetlər barədə məlumat verib. O, İİTKM-də iqtisadi təhlillərin aparılmasında istifadə olunan iqtisadi-riyazi modellər, nəşr edilən kitablar, eləcə də “İqtisadi artım” kitabı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın monitorinq və qiymətləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Harvard Universitetinin İnkişaf Laboratoriyasının baş meneceri Nikita Taniparti isə bildirib ki, tədqiqat qrupu Azərbaycanda aparılan iqtisadi islahatları öyrənməkdə və İİTKM tərəfindən hazırlanan tədqiqatlar haqqında məlumat əldə etməkdə maraqlıdır.

Nikita Taniparti əlavə edib ki, amerikalı professor Rikardo Hausmanın rəhbərlik etdiyi İnkişaf Laboratoriyası akademik tədqiqat, strateji araşdırma və rəqəmsal inkişaf qruplarından ibarətdir. Burada tədqiqatçılar dünyanın bir sıra ölkələrində iqtisadi artım və inkişaf siyasəti üzrə araşdırmalar həyata keçirirlər və siyasətçilər ilə əməkdaşlıq etməklə tədris vəsaitləri, tədqiqat metodologiyaları və nəşrlər hazırlayırlar. Araşdırmalar əsasən Rikardo Hausman, Dani Rodrik və Andres Velaskonun inkişafa mane olan faktorları müəyyən etmək üçün hazırladıqları “Artım diaqnostikası” və “İqtisadi mürəkkəblik” indeksi metodologiyalarına əsaslanır.

Tədqiqat qrupunun müzakirələri davam etdiriləcək.

Related posts

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Rəqabət qanunvericiliyində müvafiq bazar, bazar payı və təmərküzləşmələrin müzakirəsinə dair tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı