İqtisadiyyat naziri Ukrayna səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb. Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, əməkdaşlığın inkişafına xüsusi önəm verilir, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir.

İqtisadiyyat naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Ukraynanın qəti mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

İki ölkə arasında iqtisadi əlaqələrdən danışan Mikayıl Cabbarov bildirib ki, 2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri və ötən ilin yanvarında keçirilmiş Azərbaycan Respublikası ilə Ukrayna arasında İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı əldə edilmiş razılaşmalar iqtisadi sahədə fəallığı daha da artırıb.

İqtisadiyyat naziri bildirib ki, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın iqtisadi sahədə əlaqələrə təkan verə biləcək yeni mexanizmlərin yaradılmasının tərəfdarı olduğunu vurğulayan Mikayıl Cabbarov bu məqsədlə Hökumətlərarası Komissiya çərçivəsində iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun və Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasını təklif edib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanla bir sıra istiqamətlərdə, o cümlədən özəlləşdirmə sahəsində tərəfdaşlıqda, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçiriləcək layihələrdə Ukrayna şirkətlərinin iştirakında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

Related posts

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı