İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 76 faizi regionların payına düşüb.
SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Fondun vəsaiti hesabına banklar vasitəsilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 milyon manat olan 4590 investisiya layihəsinə 250 milyon manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 3500 yeni iş yerinin açılması imkanı yaranıb.
Bununla yanaşı, 2025-ci ilin 10 ayı ərzində Fond tərəfindən 498 investisiya layihəsinə 27,9 milyon manat güzəştli kredit ayrılıb və nəticədə 367 yeni iş yerinin yaradılması imkanı yaranıb.
Səməd Bəşirli qeyd edib ki, ölkədə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin reallaşmasına da mühüm dəstək verir:
“Bu ilin ilk 6 ayı ərzində qadın sahibkarların sayı 7 faiz artaraq 333 minə yaxın olub.”