Yeni qərarı “vergiler.az”a insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edib.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib.
Sorğuda qeyd olunub ki, Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə istifadə etmədiyi bütün əsas məzuniyyət günlərinə görə pul əvəzi ödənilməlidir. Lakin 144.3-cü maddəyə görə, 115–117 və 118-1-ci maddələrdə nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiya verilmirdi.
Ombudsmanın mövqeyinə əsasən, əlavə məzuniyyətlərə görə kompensasiyanın məhdudlaşdırılması Konstitusiyada təsbit olunmuş bərabərlik və istirahət hüququ prinsiplərinə ziddir.
Məsələni araşdıran Konstitusiya Məhkəməsinin Plenumu qərara alıb ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsində əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsini nəzərdə tutan müddəa Konstitusiyanın 25-ci, 71-ci və 149-cu maddələrinin tələblərinə uyğun deyil və onun tətbiqi dayandırılsın.
Qərara əsasən, işdən çıxarılan işçilərə istifadə etmədikləri əlavə məzuniyyətlərə görə də əsas məzuniyyət üçün müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilməlidir.
Konstitusiya Məhkəməsi həmçinin qeyd edib ki, qanunvericilik uyğunlaşdırılanadək, mövcud qeyri-bərabərliyin aradan qaldırılması üçün əmək müqaviləsinə xitam verilərkən işçiyə 115–117 və 118-1-ci maddələrdə nəzərdə tutulmuş bütün əlavə məzuniyyət günlərinə görə kompensasiya verilməsi təmin olunmalıdır.
Qərar dərc edildiyi gündən – 18 fevral 2026-cı il tarixdən qüvvəyə minib və həmin tarixdən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, eləcə də hazırda məhkəmələrin icraatında olan işlərə şamil edilir.
Yeni qaydanın tətbiqi – misallar
Misal 1:
İşçinin 30 gün əsas və 4 gün əlavə məzuniyyəti varsa, ona 34 gün üzrə kompensasiya ödənilməlidir.
Misal 2:
30 gün əsas, 6 gün əmək şəraitinə və 2 gün staja görə əlavə məzuniyyət olduqda, ümumilikdə 38 gün üzrə kompensasiya verilməlidir.
Misal 3:
8,5 gün əsas və 2 gün əlavə məzuniyyət olduqda, 10,5 gün üzrə kompensasiya ödənilməlidir.
Misal 4:
30 gün əsas, 6 gün əmək şəraitinə və 5 gün işğaldan azad edilmiş ərazilərdə işləməyə görə əlavə məzuniyyət olduqda, ümumilikdə 41 gün üzrə kompensasiya verilməlidir.
Beləliklə, Konstitusiya Məhkəməsinin qərarı ilə əlavə məzuniyyətlərin də kompensasiya edilməsi təmin olunaraq işçilərin hüquqlarının müdafiəsi gücləndirilib.