İtaliya hökuməti bank sektorunun son illərdə əldə etdiyi yüksək mənfəətlər fonunda dövlət büdcəsinə əlavə töhfə verməsinin vacibliyini gündəmə gətirib. İqtisadiyyat naziri Cankarlo Corcetti (Giancarlo Giorgetti) bildirib ki, banklar son beş ildə rekord səviyyədə gəlir əldə ediblər və bu səbəbdən 2026-cı il büdcəsi çərçivəsində onların da iştirakını təmin etmək lazımdır.
BBN.az xəbər verir ki,rəsmi açıqlamaya əsasən, hökumət gələn ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan vergi güzəştlərinin maliyyələşdirilməsi üçün yeni mənbələr axtarır və bu istiqamətdə bank sektorunun da cəlb olunması müzakirə olunur.
Nazir Corcetti qeyd edib ki, proses təzyiq və ya məcburiyyət xarakteri daşımayacaq, əksinə, banklarla konstruktiv dialoq yolu ilə ədalətli həll yolları axtarılacaq:
“Bu, heç bir münaqişə deyil. Sadəcə olaraq, hər kəsin – xüsusilə yüksək mənfəət əldə edən qurumların – dövlət üçün üzərinə düşəni etməsi vacibdir.”
Hökumət rəsmiləri yaxın həftələrdə büdcə prioritetlərinin müəyyənləşdirilməsi və vergi yükünün bölüşdürülməsi ilə bağlı bank sektoru ilə görüşlər keçirməyi planlaşdırır.