19–20 noyabr 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, həmçinin “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” IX Beynəlxalq Bankçılıq Forumu uğurla yekunlaşıb.
İki gün davam edən Forum maraqlı tərəflərin görüş nöqtəsinə çevrilərək yeni ideyaların, qabaqcıl təcrübələrin və innovativ məhsulların təqdimatı üçün geniş imkan yaradıb. Tədbir boyunca maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemi və bank sektorunda yeniliklər ətrafında dərin müzakirələr aparılıb. Forum bu istiqamətdə özünü regionda mükəmməl dialoq platforması kimi bir daha təsdiqləyib.
Açılış panelində Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov, Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakar, Polşa Banklar Assosiasiyasının icraçı vitse-prezidenti Vlodzimerj Kicinski, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək regional bankçılıqda transformasiya, innovasiya və dayanıqlılıq istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər.
Panel çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev rəqəmsal həllərin bank ekosistemində rolu, ekosistemin genişlənməsi və tənzimləyici yanaşmaların təkmilləşdirilməsi ilə bağlı çıxış ediblər. Panel “Mastercard”ı təmsil edən Kutay Akının təqdimatı ilə davam edib. O, qlobal ödəniş tendensiyalarının region bankçılığına təsirləri və yaranan yeni imkanlar barədə danışıb.
Forum ümumilikdə doqquz paneldən ibarət olub və bank sektorunun müxtəlif istiqamətlərinə həsr olunmuş geniş tematik müzakirələri əhatə edib. Panel mövzuları aşağıdakılar olub:
* “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq”
* “Bankçılığın Gələcəyini Formalaşdıran Yeni Trendlər”
* “Rəqəmsal Üfüqlər: İnnovasiyalar vasitəsilə Bankçılığın Yenidən Təsəvvürü”
* “Açıq Bankçılıqdan Açıq Maliyyəyə: Əlaqəli Məlumat Ekosisteminin Qurulması”
* “Anında, İnklüziv və Ağıllı: Gündəlik Ödənişlərin Yenidən Qurulması”
* “Ağıllı Bankçılıq: Süni İntellekt, Məlumatlar və Avtomatlaşdırmanın Növbəti Dalğası”
* “Ənənəvi Bankçılıqdan Rəqəmsal Bankçılığa – Analitika ilə Gücləndirilmiş Keçid”
* “Kiber Təhlükəsizlik və Dələduzluğun Qarşısının Alınması – Rəqəmsal Maliyyənin Qorunması”
* “Müasir Dövrdə Kapital Bazarı və İnvestisiya Əməliyyatları”
IBF 2025-də aidiyyəti dövlət qurumlarının, kommersiya banklarının, fintex şirkətlərinin, assosiasiyaların, yerli və xarici biznes subyektlərinin rəhbərləri, beynəlxalq maliyyə institutları və ABŞ, Türkiyə, Avropa İttifaqı, MDB, Yaxın Şərq və digər regionlardan 300-ə yaxın beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.
Ümumilikdə iki gün ərzində Foruma 300-ə yaxın şirkət və 1200-ə yaxın yerli və xarici iştirakçı qatılıb.
Qeyd edək ki, Forum Bakıda hər il təşkil edilən iki əsas beynəlxalq maliyyə tədbirindən biridir və regionun ən nüfuzlu bankçılıq platforması hesab olunur. Digər mühüm tədbir isə illik olaraq keçirilən “Fintex Sammit”idir.