ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve – Fed) sədri Jerome Powell bildirib ki, Prezident Donald Trampın tətbiq etdiyi ticarət tarifləri bu il ABŞ-da faiz dərəcələrinin azaldılmasına mane olub.
BBN.az bu barədə The Guardian nəşrinə istinadən xəbər verir.
Portuqaliyada keçirilən beynəlxalq maliyyə forumunda çıxış edən Powell qeyd edib ki, tariflərin yaratdığı qeyri-müəyyənlik Fed-in qərarlarına birbaşa təsir göstərib. Onun sözlərinə görə, əks halda faiz dərəcələri artıq aşağı salınmış olardı. Powell əlavə edib ki, əgər Trampın tarifləri nəzərə alınmasaydı, ABŞ-da inflyasiya göstəriciləri Fed-in proqnozlarına uyğun şəkildə dəyişərdi.
O, inflyasiyanın 2.3 faiz, baza inflyasiyanın 2.7 faiz, işsizliyin isə 4.2 faiz səviyyəsində olacağını vurğulayıb. Fed rəhbəri bildirib ki, tariflərin iqtisadiyyata təsiri hələ tam hiss olunmur və bu qədər tez təsir gözlənilmirdi. Onun sözlərinə görə, inflyasiyanın miqyası və davamlılığı qeyri-müəyyəndir və buna görə də əsas yanaşma gözləmək və prosesləri izləməkdir. Powell əlavə edib ki, ABŞ iqtisadiyyatı kifayət qədər möhkəmdir və Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmağa tələsmir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp isə Jerome Powell-ı və Fed-i “faizləri vaxtında azaltmamaq”da günahlandırır. Tramp dəfələrlə bəyan edib ki, digər ölkələrin mərkəzi bankları daha çevik davranıb, ABŞ isə yüksək faiz dərəcələri səbəbindən iqtisadi itkilərlə üzləşib.
Prezident bu həftə yaydığı əl yazısı ilə tərtib olunmuş qeyddə bildirib ki, ABŞ-ın faiz dərəcələri bir çox ölkələrdən yuxarıdır və Federal Ehtiyat Sistemi bu vəziyyətə yol verdiyi üçün “özlərindən utanmalıdır”. Tramp əlavə edib ki, Fed-in qərarsızlığı ABŞ iqtisadiyyatına böyük ziyan vurub. Qeyd edək ki, Federal Ehtiyat Sistemi sonuncu dəfə 2024-cü ilin dekabr ayında faiz dərəcələrinə dəyişiklik edib.