Ölkədəki kritik sistemlər üzrə kiberhücumlar və kibertəhdidlər haqqında məlumatlar mərkəzləşdirilir.
BBN.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətin koordinasiyası (kritik informasiya infrastrukturu, dövlət orqanlarına (qurumlarına) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər, eləcə də onlarla bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış CERT-lərlə bağlı yalnız kibertəhdid, kiberhücum və kiberinsidentlər üzrə məlumat mübadiləsi) Milli CERT (Milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzi) tərəfindən həyata keçirilir. Milli CERT kritik informasiya infrastrukturu obyektlərinin kibertəhlükəsizliyinə münasibətdə məlumat mübadiləsini səlahiyyətli orqan vasitəsilə həyata keçirir.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus olan informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi həmin orqanlar tərəfindən təmin olunur. Bu orqanların informasiya infrastrukturunun informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyinə qarşı mövcud və yarana biləcək kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən tədbirlər barədə məlumatlar açıqlanmır və digər dövlət orqanları (qurumları), o cümlədən Milli CERT-lə və Milli SOC-la mübadilə edilmir.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus olan informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları həmin orqanların normativ hüquqi aktları ilə müəyyən edilir.