Kanada hökuməti Rusiyaya qarşı əlavə sanksiyalar elan edib. Bu barədə ölkənin xarici işlər naziri Anita Anand məlumat verib.
Yeni sanksiyalar siyahısına Rusiyaya məxsus 11 qurum və 13 fiziki şəxs daxil edilib. Onların arasında Rusiyanın dron proqramının inkişafında iştirak edən şəxslər də yer alır.
Bundan əlavə, Rusiyanın “kölgə donanması”na məxsus 100-dən çox gəmi, eləcə də bir neçə mayeləşdirilmiş təbii qaz (LNG) müəssisəsi qara siyahıya salınıb.
Qeyd edilib ki, Kanada ilk dəfə olaraq Rusiyanın hibrid hücumlarında istifadə olunan infrastrukturu təmin edən qurumlara da sanksiya tətbiq edib.
Rəsmi Ottavanın açıqlamasına görə, bu addımlar G7 ölkələrinin Rusiyaya təzyiqi artırmaq səylərini dəstəkləmək məqsədi daşıyır.